– Uşaqları bağçaya aparmaq üçün 2,5-3,5 yaş aralığı daha uyğun hesab olunur. Uşağın bağçaya öyrəşməsi üçün bir qədər vaxt lazımdır. Çünki öyrəşdiyi mühitdən yeni mühitə düşən və yeni qaydalara riayət etməli olan uşaq üçün bu elə də asan proses deyil. Bir-neçə həftə uşağı bağçada gün boyu saxlamaq əvəzinə valideynin uşaqla birlikdə 30-40 dəqiqə orda oynayaraq vaxt keçirməsi daha yaxşıdır. İlk həftələrdə uşağa dəstək olmaq lazımdır. Hətta evdəki sevimli oyuncağını da özü ilə aparmasına icazə vermək olar.
Uşaqla bağça haqqında danışmaq, oyunlar oynamaq çox vacibdir. Gününün necə keçdiyini, hansı oyunları oynadıqlarını, nələrə güldüklərini və s soruşa bilərsiniz.
Uşaqların bağçaya uyğunlaşmasında bir sıra faktorlar rol oynayır. Bunları diqqətə almaq vacibdir‼️
🌿Ana və ata ilə sağlam və güvənli münasibətlər;
🌿Valideynlərin də uşağın məktəbə başlamasına duyğusal olaraq hazır olması;
🌿Uşağın bağçaya, məktəbə başlamazdan əvvəl ən azı 2-3 saat valideynlərindən ayrı qala bilməsi;
🌿Müəllimlərin yanaşmasının uşağın xarakterik xüsusiyyətləri ilə uyğun olması;
🌿Yaşıdları ilə vaxt keçirə bilməsi;
🌿Uşağın evdən ayrılıb yeni şeylər öyrənmək, başqaları ilə birlikdə vaxt keçirmək üçün motivasiyasının olması;
🌿Ailə və bağça arasında düzgün münasibətin olması.
Bütün bunlar nəzərə alındıqda bu proses həm övladınız həm də sizin üçün daha rahat olacaq.
❌ Uşağı bağçaya getmək istəmədiyi üçün danlamaq, bacarıqsız adlandırmaq, digər yaşıdları ilə müqayisə etmək və ya onları örnək göstərmək olmaz.
🧸Bağça haqqında danışarkən xoş ifadələr işlətməyiniz faydalı olacaq. Hələ kiçik yaşlarından övladınızda öyrənməyə, yeni mühit, yeni insanlar kəşf etməyə həvəs yaradın. Bağçaya getdiyi müddət ərzində isə müəllimlərlə daim əlaqədə olmağı unutmayın.
Ən əsası səbirli olub, övladınıza dəstək olun🌼